ENEOLİT VƏ TUNC DÖVRÜNÜN MƏTBƏX - SÜFRƏ QABLARI (NAXÇIVAN MATERİALLARI ƏSASINDA)
2025
Seyidov, Abbas | Rüstəmova, Leyla
Məqalədə insanın yer üzündə mövcud olduğu gündən yaşamaq uğrunda apardığı mübarizədən, qida dalınca qaçmasından, ən başlıcası isə məişət-süfrə mədəniyyətinin formalaşmasından bəhs olunur. Qədim Daş dövrünün ibtidai insanları əsasən mağaralarda yaşayıb, təbiətdə mövcud olan bitki kökləri, meyvələr və müxtəlif heyvanlarla qidalanıblar. Yeni Daş (Neolit) dövrünün ikinci mərhələsində saxsı qabların meydana çıxması ilə cəmiyyətdə böyük dəyişikliklər baş verib. Naxçıvan ərazisində yaşayan qədim tayfalar hələ e.ə. VII minilliyin ikinci yarısından başlayaraq dulusçuluq sənətinin sirlərinə bələd olublar. Zaman keçdikcə insanların şüuru artıb. Tunc dövründə (e.ə. IV-II minilliklər) insanın insan tərəfindən istismarı, sinifli cəmiyyət, dövlət, ailə münasibətləri meydana çıxıb. Protoşəhərlər yaranıb (Naxçıvanda II Kültəpə, Ağdamda Üzərliktəpə və s.), sənətkarlıq ayrı, müstəqil peşəyə çevrilib. Yaşayış yerlərində xüsusi sənətkar məhəllələri yaranıb. Bundan sonra yerli ustaların yüksək bədii duyumunun nəticəsində məişətdə daha təkmil formalı, müxtəlif məqsədlər üçün istifadə olunan mətbəx və süfrə qabları hazırlanıb. Bu qablar kasa, tava, çölmək, parç, nehrə, vaza, nimçə, qədəh, çaynik və s. ibarətdir. Məqalədə arxeoloji qazıntıların nəticəsi olaraq, Naxçıvan ərazisində Xalkolit və Tunc dövrlərində yaşamış insanların həm məişət, həm də süfrə mədəniyyətinə aid ümumtürk mədəniyyətinin tərkib hissəsi olan gil qab nümunələri, onların forma və tipləri, hansı məqsədlər üçün istifadə olunması haqqında məlumatlar verilir.
显示更多 [+] 显示较少 [-]